Блог

15.07.2021 / "Kiçik biznesmen" layihəsi

     Psixoloqlar uşaqları 3 yaşından pul ilə tanış etməyi məsləhət görür. Bunu birlikdə alış-verişə gedərək, uşağa bu prosesi göstərərək etmək olar. Uşaqlar alınan məhsulun əvəzində pul verildiyini  görməlidir .

    6 yaşdan etibarən isə uşağın öz pulu olmalı, O, pulu necə xərclədiyinə özü qərar verməlidir. 6 yaşdan sonra isə uşağa pulun dəyəri və necə qazanıldığı öyrədilməlidir. Bu səbəbdən xaricdə valideynlər evlərinin qarşısında piştaxta qoyaraq uşaqların orada limonad sataraq qazanc əldə etmələrinə yardımçı olurlar. Nəticədə uşaqlar artıq kiçik yaşından pulun necə qazanıldığını şəxsi təcrübəsində görmüş olurlar.

    Azərbaycanda hələki bu mədəniyyət formalaşmayıb və əksər hallarda gənclərimiz pul qazanmağa və onunla rəftara ortalama 20 yaşlarında öyrənməyə başlayırlar. Pul ilə ilk təcrübəsini artıq yetkin yaşda əldə edən gənclərimiz xaricdəki həmyaşıdlarından bu istiqamətdə bir xeyli təcrübəsiz olurlar. Gənc yaşlarında xarici sahibkarların uğur qazanma sirlərindən biri də məhz budur.

    Bir ölkədə biznesin inkişaf etdirilməsi üçün əsas amillərdən biri və başlıcası da məhz bu yöndə maarifləndirmə işlərinin aparılması, təlim və layihələrin təşkilidir.  

     Biznes platforması  olaraq yuxarıda qeyd olunan problemin həllinə dəstək üçün  biz də "Kiçik biznesmen" layihəsini həyata keçirdik. Layihənin keçirilməsində duran başlıca  məqsəd isə onlara biznesin təməl prinsiplərini sadəcə təcrübə ilə aşılamaq, kiçik yaşlarından pulu  necə, hansı üsullarla qazana və idarə edə biləcəklərini təcrübi yolla öyrətməkdir. 

     Layihə gedişatı boyunca uşaqlar “Zabitlər” parkında xüsusi olaraq onlar üçün ayrılmış stendlərdə limonad hazırlayıb sataraq pul qazanma təcrübəsinə yiyələnmiş oldular. Qeyd edək ki, layihə “Yelo Bank”ın əməkdaşlığı ilə həyata keçirilmişdir.

    Nəticələrə gəlincə isə, layihənin baş tutduğu 14 gün ərzində 200-dən çox uşaq 1200 stəkan limonad satışını həyata keçirmişdir.  Ən çox pul qazanan kiçik biznesmenimizin gəliri isə 26 manat təşkil etmişdir. Kiçik yaşdan uşaqlarda  bu bacarıqların öyrədilməsi ilə Azərbaycanda onların gələcəyin böyük biznesmenlərinə çevriləcəyinə inanırıq.

     Ümid edirik ki keçirdiyimiz layihə bu mədəniyyətin inkişafına təkan verəcək.